Almaniyalı sabiq futbolçu Filipp Lahm Fransa mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, nüfuzlu “L’Equipe” nəşrinə danışan Lahm PSJ-nin cari mövsüm çıxışından söz açıb. O, Paris klubunun doğru idarə edilmədiiyni bildirib:
“Hədsiz qiymətli oyunçulardan ibarət bu komanda hər kəsin heyran olduğu, lakin heç kimin heç nə ala bilmədiyi lüks mağazaya bənzəyir. Bu qədər pul xərcləyirsiniz, keyfiyyət yoxdursa, bu yaxşı əlamət deyil.
Məsələn, Marko Verratti. O, yaxşı futbolçudur, topa arxayındır və vuruşlarda dəqiqdir. İtaliya millisinin ən yaxşı oyunçularından biridir. Amma PSJ forması ilə belə deyil. Möhtəşəm mərkəz müdafiəçisi Serxio Ramos hələ də keyfiyyət nümayiş etdirir. Amma bu, meydandakı digər oyunçulara təsir etmir. PSJ komanda ola bilmir.
Lionel Messi Argentina millisində olduğu kimi Mbappe də Fransa yığmasındadır. PSJ-nin üç ay əvvəl dünya çempionatının finalında planeti silkələyən iki oyunçusu var. Üstəlik Neymar, son on ilin ən yaxşı braziliyalısı. PSJ oyunçuları sadəcə necə kollektiv oynayacaqlarını bilmirlər”.

