“Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis daha sonra sözlərinə belə davam edib:
“Futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik”.
O, yeni transferlər etmək istədiklərini söyləyib: “Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur”.

