“Qarabağ” həmişəki kimi oynadı. Rəqibdən çox üstün idi. İlk görüşlər həmişə çətin olur. Rəqibin kimliyindən asılı olmayaraq, belə matçlara ciddi hazırlanmaq lazımdır. Üstəlik, oyunun süni meydançada keçirilməsi komandanın çıxışına təsir etdi. Buna baxmayaraq, səfərdə lazım olan nəticə qazanıldı. “Qarabağ”ın hazırkı durumuna bir oyunla qiymət vermək olmaz. Komandanın əsl gücü sonrakı oyunlarda görünəcək”
Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçi Samir Musayev “Linkoln” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, Ağdam təmsilçisinə yeni oyunçular lazım olub-olmamasına belə cavab verib:
“Qarabağ”ın məşqçilər heyəti transfer məsələsində çox uğurlu işlər görürlər. Qurban Qurbanov hansı mövqeyə futbolçu lazım olduğunu yaxşı bilir. Bu, yerli oyunçu da ola bilər, əcnəbi də. Zamanla hansı mövqelərə transfer lazım olduğu görünəcək.
Bilirsiniz ki, Musa Qurbanlı komandadan ayrıldı. Onun İsveç klubuna getməsi bütün Azərbaycan futbolunun uğurudur. Məncə, Qurbanlı oradan daha böyük klublara gedəcək. Onun yerinə Nəriman Axundzadəni tam hazır görürəm. Nəriman “Qarabağ”ın və Azərbaycanın ən yaxşı oyunçularından biri olacaq. Kevin Medinanın ayrılacağı iddialarına gəlincə, əgər bu reallaşsa, əmin olun ki, Qurbanov artıq onun yerinə futbolçu hazırlayıb”.
Həsən Quluzadə

