Milli komanda

“Qol vurmursansa, oyunu udmaq çətindir” – De Byazi

Millətlər Liqasında IV turun Azərbaycan – Belarus matçından öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

– Komanda olaraq Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən həm keyfiyyətcə, həm də təcrübə baxımından üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından bir xal qazana bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarusa qalib gəlməliyik. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Son matçda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla oyunda imkanlarımız var idi, amma iki qol buraxdıq, uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü oyunumuzu oynayacağıq. Rəqiblərimizdə də vəziyyət belədir. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk.

– Qısa müddətdə nəyi dəyişə bilmisiniz?
–  Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura, qalib gələ bilmədik. Son matça daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalı, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Amma hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub.

– Maksim Medvedevin durumu hansı yerdədi?
–    Hələ bilmirəm. Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə onda baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, bizimlə olsun. Çünki Maksim vacib oyunçudu, komandaya çox köməyi dəyə bilər.

– Heyətdə dəyişikliklər etməyi düşünürsüz?
– Sabah səhər qərar verəcəyik. İlk növbədə, görək futbolçular necə bərpa olub. Sıx qrafikimiz var idi. Sabah axşam fiziki baxımdan futbolçular hazır olmalıdır ki, 95 dəqiqə oynaya bilsinlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43