“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qolsuz başa çatan görüşü belə şərh edib:
“Qalib gəlməsək də, futbolçulardan razıyam. Rəqib 1 xal üçün gəlmişdi, istəyinə də nail oldu. Sadəcə bu gün bizim günümüz deyildi. Çünki xeyli qol şansı yaxalasaq da, onları dəyərləndirə bilmədik, Amma 1 xala da şükür etməliyik. Heyətimizdə zədəlilərin çoxluğu bizi rotasiyaya məcbur edir. Təbii ki, bu, səbəb deyil. Çünki yaxşı futbol sərgilədiyimizi düşünürəm. Məsələn, Zirədə 1 xal qazansaq da, həmin matçda komandamdan narazı qalmışdım. Bu gün yenə heç-heçə etdik. Amma oyundan razıyam”.
Diniyev matçın erkən saatlarda başlamasının komandanın çıxışına təsir etdiyini vurğulayıb: “Oyunun günorta saatlarında keçrilməsinin də çıxışımıza təsiri oldu. Futbolçular sanki yuxulu idilər. Lakin bu, fors-major vəziyyətdir. Biz adətən axşam məşq edirik. Çünki axşam 6-8 arası güc olaraq futbolçu daha yaxşı vəziyyətdə olur. Bu matç üçün isə hər şey fərqli oldu. Adətən bizdə futbolçular oyun günü 12-də yuxudan oyanırlar. Bu gün isə artıq 2-də meydana çıxdıq. İnsanın bioloji iş qabiliyyəti yüksək olan vaxtlar var. Problem isə bizdən qaynaqlanmır. Böyük bir transformatorda problem var. 2-3 gündür bu problemin həll olunması üçün bir neçə şirkət işləyir. İnanıram ki, artıq növbəti ev oyununa kimi problem yoluna qoyulacaq”.

