Ölkə futbolu

“Sabah” və “Qarabağ”la oynamaq bizim üçün çətindir” – Samir Abasov

“Sumqayıtımızın fəxri, bizim dostumuz İlham Zəkiyev Qran Pridə qızıl medal qazanıb. Onu təbrik edirəm. Oyuna gəldikdə isə, nə deyim vallah?! Bu “Sumqayıt” “Qarabağ”ı məğlub edə bilməz. Reallığı götürsək, bu, bizim gücümüzdə deyil. Bir baş məşqçi olaraq bunu anlayıram. Rəqibi təbrik edirəm. Çempionatın son mərhələsinə giririk. Qarşıda bizi çox vacib matçlar gözləyir. Son iki ağır məğlubiyyətdən sonra hazırlaşmaq üçün vaxtımız var. Kimlərin harada olduğunu çempionatın sonunda görəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qarabağ” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:

“Futbolçular meydana ümidlə çıxırlar. Qapıda qol gördükcə özünə, komanda yoldaşına inam itir. Belə məğlubiyyətlərdən sonra təhlilin üzərində dayanmıram. Buraxdığımız qollar bizim gücümüzü göstərir. Söhbət ruhdan, ürəkdən getmir. İki ötürmədən sonra topu itirirsənsə, hansı ürəkdən danışa bilərik? “Sabah” və “Qarabağ”la oynamaq bizim üçün çox çətindir. Meydanda nələrsə etməyə çalışırıq. Diqqətlə baxanda görünür ki, futbolçulara nələri etmək tapşırılıb. Bəlkə də səhv bizdədir ki, bunları etdirməyə, futbol oynatırmağa çalışırıq. Bu gün keyfiyyət bəllidir. Bütün komandalarla oynamaq olar. Amma bugünkü “Sumqayıt” üçün bu, çox çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43