“Sabah” Konfrans Liqasındakı ev oyunlarını “Bank Respublika Arena”da keçirəcək. Bununla bağlı artıq sözügedən stadionda çalışmalar sürətlənib.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov idmanxeber.az saytına verdiyi açıqlamada hazırda stadionda müəyyən yenilənmə işləri aparıldığını bildirdi:
“Stadionda çalışmalar davam edir. Hazırda turniketlər qurlaşdırılır, işıqlandırma sistemi yenilənir, tablo yenisi ilə əvəz edilib, skaybokslar təzələnib. İş otaqlarında isə təmir işləri gedir”.
“Sabah” Konfrans Liqasının pley-off mərhələsinə qədər ev oyunlarını məhz bu stadionda keçirəcəyi üçün çalışmaların ən qısa vaxtda bitməsi planlaşdırılır. Sözügedən turnirdə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq paytaxt təmsilçisinin artıq rəqibi də bəllidir.
Latviyanın RFŞ komandası ilə üz-üzə gələcək “Sabah” ilk oyununu iyulun 27-də səfərdə keçirəcək. Komanda bir həftə sonra isə Bakıda cavab qarşılamasına çıxacaq.
Ev oyunu üçün biletlərin 1-2 gün ərzində satışa çıxarılacağı bildirilir.

