Kateqoriyasız

“Şikayət etmək istəmirik, amma…” – Samir Abasov

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Zirə” – “Neftçi” (0:0) ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Gərginlik hiss olunurdu. İki komanda da məğlub olmamaq istəyirdi. Ehtiyatlı oynayırdıq. Kubokda ilk oyunlar əsasən bu məcrada keçir. Əsas məsələ uduzmamaq idi. Uşaqlar bunu bacardılar. Şikayət etmək istəmirik, amma neçə oyundur, itkilərlə oynayırıq. Azarkeşlər oyun olmamasından şikayətlənir. Hansı futbolçularla oynadığımıza baxmalıyıq. Çempionatda və kubokda elə məqamdayıq ki, əlimizdə olanlardan istifadə etməliyik. Şərt mübarizə aparmaqdırsa, onu etməliyik. Sağ olsunlar, uşaqlar bunu bacardılar.

– İtkiləriniz hesaba nə dərəcədə təsir etdi?
– İlk matç olduğu üçün düşünürəm ki, itkilərsiz də bu məcrada keçərdi. Amma oyunu dəyişmək baxımından isə problemlə üzləşdik. Müdafiə xəttimizdə Stankoviçin olmaması təsir etdi. Demirəm, digər uşaqlar pis oynadı. Sadəcə, oyunçuların bir-birinə uyğunlaşmaq məsələsi var.

– Ömər Buludovu mərkəz müdafiəçisi kimi qazandıq?
– Bu gün kim heyət qursa, belə edərdi. Bir oyunçu fərqli mövqelərdə inkişaf edirsə, bu, çox yaxşıdır. Ömərin mərkəzdə oynaması məcburiyyət idi. Düşünürəm ki, xüsusən ikinci hissədə ən yaxşılardan idi.

– Klublar Komitəsinin iclasında limit və əvəzetmə məsələləri müzakirə edildi. Sizin fikriniz nədir?
– Mənim xəttimi bilirsiz. Həddən artıq sərt fikirdəyəm. Bu, öz klubumuza da xoş gəlmir. Limit götürülməlidir. Mənim öz arqumentlərim var. Bu, inkişafımıza həddən artıq ziyan edir. Kimlərsə başqa cür düşünə bilər. Əvəzetmə üçün isə 5 yaxşıdır. Bütün ölkələr edirsə, biz niyə etməyək. Qərarı gözləməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43