“Başda komandanın rəhbəri Rəhman Əliyev olmaqla bütün oyunçularımı təbrik edirəm. Biz üzərimizə düşün işin öhdəsindən gəldik. Ağır bir yükün altına girmişdik, çətin keçən bir mövsümü bitirmək üzrəyik”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan II Liqa təmsilçisi “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov deyib. O, daha sonra belə davam edib:
“Məqsədimiz liqada qalmaq idi. Buna da nail olduq. İlk dövrədə yaranan vəziyyətin ardından daha yuxarı pillələrə oynaya bilərdik. Ancaq lazımsız xallar itirdik. Amma yenə də liqada qaldıq. Hətta sonlarda qərarlaşan komandalardan bir xeyli irəlidə olduq. Kollektiv olaraq işimizin öhdəsindən gəlmişik. Hazırkı şərtlərlə komanda qəhrəmanlıq göstərdi”.
Gənc çalışdırıcı bölgə təmsilçisinin qarşıdakı hədəflərindən də söz açıb:
“Gələn mövsüm necə olacağı barədə dəqiq nəsə deyə bilmərəm. Çünki biz liqada yeganə sponsorsuz komandayıq. Yalnız dövlətin ayırdığı büdcə ilə mübarizə aparırıq. Bu şərtlər altında çıxış etmək çox çətindir.
Bilirsiniz ki, AFFA II Liqa komandalarına 50 min manat ayırır. Ancaq bu məbləğə komanda saxlamaq mümkün deyil. Sağ olsun, rəhbərimiz öz cibindən xərclədiyi vəsaitin hesabına çempionatı istədiyimiz yerdən də yuxarıda tamamlaya bildik. Növbəti ilin necə olacağı bizə ayrılan büdcədən asılıdır. Ümid edirik ki, AFFA növbəti mövsümdən II Liqa komandaları üçün yüksək vəsait ayıracaq. Çünki hazırkı məbləğlə mübarizə aparmaq çox çətindir”.
Xatırladaq ki, “Ağdaş” komandası II Liqada 24 xalla 9-cu pillədə qərarlaşıb.
Həsən Quluzadə

