Ölkə futbolu

Yeni mərhələ təxirə salınır?

Azərbaycan futbolu növbəti dəfə anlaşılmaz, qeyri-müəyyən, ümidsiz dövrünü yaşayır. Milli komandanın baş məşqçi postu üçün qəfil ortaya atılan bir ad gözardı ediləcək bir məsələ deyil. Burada mövzü yığmanı kimin çalışdıracağından daha çox, illərdir tənqid edilən, artıq qurtulmağa ümidlənən həmin sistemin yerində qalmasıdır.

Milan Obradoviçin milliyə mümkün təyinatı sadə bir uğursuz məşqçi seçimindən daha çox, CV-si natəmiz şəxslərin güc nümayişi kimi sezilir. Və bu, gələcək dövr üçün kifayət qədər ümidsiz tablodur.

Azərbaycan futbolunun Elxan Məmmədovdan qalma “qara” idarəçilik üslubu var. Elə bu gün də ölkə futbolu ətrafında baş verən bütün hadisələrə şübhə ilə yanaşmaq həmin dövrdən qalan “miras”dır. Bu şübhələr əksər vaxtı özünü doğrultduğu üçün onları qulaq ardına vura bilmirik.

Ümumiyyətlə, nə vaxt mövzü milli komanda olursa, AFFA rəhbərliyinin mövqeyi, siyasəti bizə daha çox aydın olur. Yığmanın illərdir nəticəyə həsrət qalması qətiyyən heyət və uğursuz baş məşqçi seçimləri olmayıb. Mövcud federasiya rəhbərliyi ölkə futbolundakı bütün problemlərin birinci səbəbidir. Qurtulmağa ümidlənən bu dönəmdə yenidən baş qaldırmaları qorxudur.

Hər keçən gün Milan Obradoviçin yığmaya təyin ediləcəyi xəbərləri möhkəmlənir. Bu istiqamətdə ciddi bir həmlə var. Bəlkə də nəbz yoxlanılır? Serbiyalının adının gətirəcəyi reaksiya kimlər üçünsə maraqlıdır. Məsələn, mümkün Obradoviç təyinatının ardından “Ölkə futboluna yad deyil. Çempionatı, futbolçuları tanıyır” yanaşması da hər yeri bürüyəcək. Elə bu serb mütəxəssisin adının təsadüfü ortaya atılmadığlnı göstərir. Əlbəttə, absurd və malalama yanaşmasıdır. Əgər deyilən xüsusiyyətlər vacib olsaydı, elə millinin yerli mütəxəssislərin birinə də tapşırmaq olardı.

Bu adın seçilməsi hiyləgərcəsinə və etiraf edək ki, ağıllı gedişdir. Bəzəyib ictimaiyyətə təqdim etmək üçün Obradoviçdən gözəl namizəd ola bilməzdi.

Milliyə baş məşqçi mövzusunda səmimi fikirləri ayırd etmək çox çətindir. İllərdir “yerli, yoxsa əcnəbi?” müzakirəsinə “faydalı olan gəlsin” kimi hakimiyyətə daha yaxın orta mövqe sərgiləyənlər az deyil. İllərdir əcnəbi baş məşqçinin faydalı olmadığı görülsə də, bu tərəfə meyillilik azalmır. Əksinə nəyin bahasına olursa-olsun bu mövqe qorunur.

Yerli mütəxəssisdən yana olanların da xüsusi məqsədləri, öz klanları var. Ancaq bunlar nisbətən daha zəif tərəfdir. Sistemə təsir edə bilmirlər. Hər iki qrupun içində ayırd etmək çətin olsa da, səmimilərin olduğunu qeyd etmək lazımdır.

Milli ətrafında ortaya atılan sözügedən namizəd illərdir qurulan planın hələ də işlədəyini göstərir. Hətta AFFA rəhbərliyinin dəyişəcəyi ehtimalının gücləndiyi dönəmdə belə sistem çalışırsa, şəxslər üzərində dayanmaq ciddi görünmür.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43