Ölkə futbolu

Nə Şeydayev, nə Mahmudov, nə də Mikels…

Premyer Liqamızın bombardirlik yarışında olan dörd futbolçu – Ramil Şeydayev, Musa Qurbanlı, Emin Mahmudov və Coy Lens Mikels çempionatda komandalarının əsas silahları olsalar da,  Antalya təlim-məşq toplanışında həmin performansı göstərə bilməyiblər.

Premyer Liqada 14 qolla bombardirlik yarışının zirvəsində yer alan Ramil Şeydayev “Qarabağ”ın keçirdiyi yoxlama görüşlərindı fərqlənə bilməyib. 26 yaşlı futbolçu Ağdam təmsilçisinin 3 oyunda vurduğu 3 qolun heç birində adını tabloya yazdırmağı bacarmayıb.

Çempionatın ikinci sərrast hücumçusu Musa Qurbanlı isə Antalyadakı oynunlarda bir dəfə fərqlənə bilib. 20 yaşlı futbolçu “Qarabağ”ın 2:4 hesabı ilə məğlub olduğu  Polşanın “Poqon” klubu ilə oyunda qollardan birini vurub.

Yeri gəlmişkən, bu görüşdən əvvəl Polşa mətbuatında Musanın “Poqon” klubuna keçməyə yaxın olduğu yazılsa da, Ağdam təmsilçisi bu xəbərləri təkzib etmişdi. Gənc futbolçu hazırda 12 qolla Premyer Liqamızın bombardirlik yarışında ikinci pillədə qərarlaşıb.

Çempionatın üçüncü məhsuldar futbolçusu “Neftçi”nin kapitanı Emin Mahmudovdur. Azərbaycan millisinin üzvü rəqib qapılarına 10 dəfə yol tapmaqla yarışda Ramil Şeydayev və Musa Qurbanlını yaxından izləyir. Təcrübəli futbolçu zədə səbəbindən “Neftçi”nin keçirdiyi üç yoxlama görüşünün birini buraxmalı olub. O, komandasının “Vaşaş” və “Srvena Zvezda” ilə oyunlarında forma geyinsə də, adını tabloya yazdıra bilməyib. Onu da qeyd edək ki, “ağ-qaralar” 3 yoldaşlıq qarşılaşmasında rəqib qapılarına cəmi üç dəfə yol tapıb.

“Sabah”ın üzvü Coy Lens Mikels 9 qolla Premyer Liqanın ən çox fərqlənən dördüncü futbolçusudur. Almaniyalı oyunçu komandasının keçirdiyi iki yoxlama matçında da start heyətdə meydana çıxıb. Mikels də Ramil və Emin kimi bu görüşlərin heç birində rəqib qapılarına yol tapa bilməyib. O, paytaxt klubunun iki oyunda vurduğu beş qolun heç birini adına yazdıra bilməyib.

Beləliklə, Premyer Liqamızın bombardilik yarışında mübarizə aparan 4 futbolçudan yalnız Musa Qurbanlı bir dəfə fərqlənə bilib. Fasilədən öncə komandasanın qol yükünü daşıyan hücumçular toplanışda uğursuz çıxış ediblər. Təlim-məşq toplanışını formalarından uzaq keçirən oyunçuların fasilənin ardından çempionatda necə çıxış edəcəklərini zaman göstərəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43