Ölkə futbolu

Əliyar Ağayev: “Yox desəm, yalan danışmış olaram”

19 yaşlılaradək futbolçulardan ibarət Avropa çempionatında final matçını idarə edən həmyerlimiz Əliyar Ağayevin affa.az saytına müsahibəsi:

– 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final oyununu idarə etdiniz. Təəssüratlarınız necədir?

– Təbii ki, final mərhələsinə dəvət edilən hər bir hakimin məqsədi həlledici qarşılaşmanı idarə etmək idi. Amma əvvəlcə əsas fikrimi qrup mərhələsinin oyunlarını yüksək səviyyədə idarə etməyə və mümkün qədər yüksək qiymət almağa yönəltmişdim. Hər hakimin qrup mərhələsində iki oyuna təyinat alacağını bilirdik. Qrup oyunlarını, demək olar, yüksək səviyyədə idarə etdim. Bundan sonra özünəinamım artdı və yarımfinal mərhələsinin oyunlarından birinə təyinat alacağımı gözləyirdim. Təyinat günü kimin hansı oyunu idarə edəcəyi açıqlandığı zaman yarımfinal yox, play-off oyununda dördüncü hakim olacağım bildirildi. Ardınca, dərhal finalın baş hakiminin də adı açıqlandı. Adımı eşidəndə inanmağım gəlmədi.

– Final qarşılaşmasına təyin olunduğunuzu bildikdən sonra üzərinizdə təzyiq hiss edirdinizmi?
– Yox desəm, yalan danışmış olaram. Təyinatdan dərhal sonra telefonumu söndürdüm. Heç bir xəbər portalını açmadım, bir növ özümü virtual aləmdən təcrid elədim. Bilirdim ki, Azərbaycanda əksəriyyət bu təyinata sevinəcək, haqqımda müsbət şeylər yazacaq. Ancaq bunları oxusaydım, özümdə istər-istəməz müəyyən gərginlik də yarana bilərdi.

Start fitinə qədər həyəcanlı idim fitdən sonra isə oyuna tam kökləndim və işimin öhdəsindən gəlməyə çalışdım.

– İki aparıcı futbol ölkəsinin oyunçularının azərbaycanlı hakimə münasibəti necə idi?
– Ola bilsin, öz aralarında nəsə danışsınlar. Çünki hər iki ölkənin futbol tarixi, ənənələri kifayət qədər zəngin və böyükdür. Amma 90 dəqiqənin tamamında hər iki komandanın üzvləri yaxınlaşıb, yaxşı idarəçiliyə görə briqadamızı təbrik etdilər.
 
– Təyinatdan sonra UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina sizi e-mail vasitəsilə təbrik edib. Bəs oyun başa çatdıqdan sonra necə, idarəçiliyinizlə bağlı fikrini çatdırıbmı?
– Özü birbaşa yox, ancaq oyunun hakim-inspektoru komitədən təşəkkür etdiklərini dedi.
 
– Bəs oyunun hakim-inspektoru idarəçiliyinizlə bağlı nə dedi?

– Oyundan sonra heç bir fraqmentə baxılmadı. Dedi ki, birinci qol epizodu zamanı oyunu dayandırmamağın, üstünlük işarəsi verməyin bütün suallara aydınlıq gətirdi. 

– Köməkçilərinin fərqli ölkələrdən olması anlaşma baxımında çətinlik yaratmırdı?
– Oyundan əvvəl ola bilsin, hansısa anlaşılmazlıq olurdu. Ancaq təlimatlardan sonra bunu hiss etmirdik. Hər birimiz ölkəmizlə yanaşı, həm də UEFA-nı təmsil edirik.
 
– Topaz Premyer Liqası ilə Avropa çempionatının oyunlarını müqayisə etmək olarmı?
– Peşəkarlıq baxımından fərq var. Avropa çempionatında çıxış edən yeniyetmələr idi, bizim çempionatda oynayanlar isə peşəkarlar. Bir-iki oyun oldu ki, sürət baxımından fərqləndi. Ümumi götürdükdə, çempionatımız üstündür.
 
– Ötən mövsümün sonuna yaxın cəzalandırıldınız və  Topaz Premyer Liqası oyunlarına təyinat almadınız. Bunun təsirini necə, hiss etdinizmi?
– Çətinlik yaradacağını gözləyirdim. Xüsusilə də, oyun təcrübəsi baxımından bunu hiss edirdim. Lakin çalışırdım ki, 90 dəqiqə ərzində bunu büruzə verməyim. Ancaq yeni mövsümə uğurlu start verdim. UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də keçiriləcək “Krasnodar” – “Birkirkara” oyununa da təyinat almışam. Üstəlik, gələn həftə Topaz Premyer Liqasının yeni mövsümünə də start veriləcək. Bu təyinatdan sonra məsuliyyətim artıb.
 
– Bundan sonra qrup mərhələsinin oyunlarına tez-tez təyinat alacağınızı gözləmək olarmı?

– Buna ümid edirik. Ötən mövsüm 1 qrup oyunu idarə etdim. Amma bu dəfə dekabra qədər qrup mərhələsinin ən azı 2 oyununa təyinat alacağıma inanıram.Qarşıdakı 6 ay mənim üçün çox vacib dövr olacaq.

– Uğurlu idarəçiliyinizin ümumilikdə Azərbaycan hakimliyinə beynəlxalq təyinatlar zamanı nə dərəcədə müsbət təsiri ola bilər?
– Düşünürəm ki, Avropa çempionatının final mərhələsinin Almaniya kimi böyük ölkədə keçirilməsi özlüyündə vacib məqamdır. Böyük futbol ənənələri olan ölkədə final qarşılaşmasını azərbaycanlı hakimin idarə etməsi Azərbaycan futboluna da müəyyən qədər diqqət yarada bilər. Adımızı eşidən azarkeşlər, funksionerlər istər-istəməz internet vasitəsilə futbolumuz, ölkəmiz haqda əlavə məlumatlar toplamağa çalışacaqlar.
 




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43