Müsahibə Ölkə futbolu

“Əvvəl-axır milli formanı geyinəcəm” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in futbolçusu Fərid Nəbiyevin idmanxeber.az saytına müsahibə verib.

-“Qarabağ”la oyunda pis mübarizə aparmasanız da, məğlub oldunuz. Səncə, əsas səbəblər nə idi?

-Rəqib çox güclü komandadır. Onlara qarşı oynamaq həmişə çətin olur. Amma biz də yaxşı mübarizə apardıq. Ümumiyyətlə, təkcə “Qarabağ”a yox, bütün rəqiblərə qarşı baxımlı oyun sərgiləmək istəyirik. Ancaq onlar elə komandadır ki, səhv edən kimi cəzalandırırlar. Buna görə də məğlub olduq.

-Qarşıda “Turan Tovuz”la oyununuz var. Bu mövsüm onlara qalib gələ bilməmisiniz…

-Bəli, hələ onları məğlub edə bilməmişik. Ona görə də çox ciddi hazırlaşırıq. Çalışacağıq ki, bu uğursuz seriyaya son qoyaq.

-“Kəpəz” növbəti dəfə Gəncədən uzaq düşdü. Bu, çıxışınıza necə təsir edəcək?

-Həmişə deyirik ki, Gəncədə oynamaq çox fərqlidir. Azarkeşlər önündə mübarizə aparanda daha motivasiyalı oluruq. Amma bəzi səbəblərə görə belə qərar verildi. Ümid edək ki, bu problem tezliklə həllini tapacaq.

-Komandada maaş probleminin olduğu deyilirdi…

-Maaşlar ödənilib, hər şey qaydasındadır.

-Bu il performansında yüksəliş hiss olunur. Milli oyunlar öncəsi Canni De Byazidən dəvət gözləyirdin?

-Həmişə komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Millidə oynamaq hamı üçün şərəfdir. Ancaq çağırılmasam belə hələ son deyil. Əvvəl-axır milli formanı geyinəcəm.

-Bir dönəm Çexiyanın “Slaviya” və “Viktoriya” klublarında çıxış etmisən. Həmin liqa ilə bizim çempionat arasında hansı fərqlər var?

-Orada daha çox fiziki oyuna üstünlük verirlər. Burada isə bir az fərqlidir. Bizim komandalar taktiki və texniki cəhətdən mübarizə aparmağa çalışırlar. Üstəlik orada komanda sayı və oyunlara gələn azarkeşlər çoxdur. Bu səbəbdən də liqa çox maraqlı keçirdi. 

-Səncə, “Kəpəz” Premyer Liqada qalacaq?

-Bunun üçün əlimizdən gələni edirik. Bu komanda və azarkeşlər Premyer Liqada olmağa layiqdir. Gəncə sözün əsl mənasında futbol şəhəridir. Bunu adi günlərdə şəhərə çıxanda belə hiss etmək olur. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43