"Qarabağ" daha bir futbolçusu ilə müqavilə yeniləyib. Klubun rəsmi saytının verdiyi məlumata görə, daha öncə Qara Qarayev, Ansi Aqolli, Admir Teli ilə müqavilə yeniləyən komanda bu dəfə İlqar Qurbanovla 1 illik sözləşmə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, İlqar Qurbanov 2011-ci ilin yanvarından "Qarabağ"ın şərəfini qoruyur: "Yenidən "Qarabağ"ın formasını geyinəcəyimə çox məmnunam. Artıq 4 ildir ki, "Qarabağ"dayam. Özümü burada evimdəki kimi hiss edirəm. "Qarabağ"da olan mehribançılıq, kollektivçilik bir futbolçu üçün əla stimuldu.
Biz bir ailə olaraq bütünləşərək çempion olmağı bacardıq. İndi məsuliyyətimiz daha da artıb. "Qarabağ" formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıdan çətin dönəm gəlir.
Avrokuboklarda hər kəs bizdən uğur gözləyir. Amma ilk növbədə yaxşıca hazırlaşıb ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq. Azarkeşlərimizi də "Qarabağ" ətrafında daha sıx birləşməyə səsləyirəm".