“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex”lə oyunundan qabaq mətbuat konfransında çıxış edib.
İdmanxeber.az xəbər verir ki, 50 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
“Çox vacib oyuna çıxacağıq. Bəlkə əvvəllər 3-4-cü mərhələlərdə bu cür rəqiblərlə qarşılaşırdıqsa, indi ilk oyundaca çox layiqli rəqib düşdü. İlk oyunda rəqibin gücünü hiss etdik. Əvvəlki oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Bu gün eyni sözləri deyirəm. Səfərdə uduzsaq da, inamımız çoxdu. İlk oyuna baxırıq, rəqibi daha yaxından tanımağa çalışırıq. Meydanda 90 dəqiqə diqqətli oynamalı və daha çox tez düşünməliyik. “Lex” istənilən dəqiqələrdə qol vura bilən komandadı. Çox yaxşı müdafiə olunurlar, topla yaxşı davranan futbolçuları var. Hər bir halda futbolçularıma inanıram, güvənirəm. Sabah meydanda çox düşüncəli komanda olmalıyıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Sabahı gözləməli olacağıq.
– Yeni transfer olacaq?
– Hazırda buna cavab verə bilməyəcəm. İşçi heyəti bu işlə məşğul olur. Transferlərlə bağlı lazımı danışıqlar gedir. Futbolçularıma da güvənirəm. Hansı mövqeyə transfer olunacaq qarşıdakı günlərdə dəqiqləşəcək.
– Cütün taleyinin həll olunması üçün, görüşün 120 dəqiqəyə uzanmaq ehtimalı da var. Buna komandanı hazırlamısız?
– Hər şeyi nəzərə almışıq. Yeni sistemdə səfərdə vurulan qol da önəmi qalmayıb. Amma çox istəyərdik ki, 90 dəqiqədə hər şey bizim tərəfimizdə olsun.
– İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
– Ola bilər.
– Komandanız döyüşə hazırdı?
– Futbolçu döyüşçüləridi. İnanıram ki, meydanda həmin hissləri yenə göstərəcəklər. Yaxşı mübarizə aparmağa futbolçularım lazımı qədər hazırdılar.
– Əvvəlki illərdə də “Qarabağ” ilk məğlubiyyətdən sonra geridönüş edə bilib. Amma bu dəfə sanki nədənsə, narahatlıq var, mediada, azarkeşlər arasında. Sizdə necə, narahatlıq var?
– Narahatlıq yoxdu. Belə hallar dəfələrlə olub. Normal qarşılayırıq bunu. İnanmıram ki, bu, basqı yaratsın. Sadəcə olaraq, bir az inamsızlıq yaranması mənə təsir edə bilər. Ümumən ilboyu gedən prossesdi. İnanıram ki, komandaya faydası dəysin deyə, hərə bir cür yanaşır. Biri təriflə, biri tənqidlə. Amma inanmıram ki, başqa fikirlər olsun. İnamsızlıq olmasın, qalan şeylər yoluna düşər. Çünki futbolçular hiss etməlidilər ki, onlara hamı güvənir. İnamı görəndə, daha da məsuliyyətli, istəkli olurlar.
– Azarkeşlərə hansı ismarıcınız var?
– Azarkeşlər futbolun ən vacib məqamlarındandı. Futbolçulara əlavə motivasiya, inam verir, məsuliyyət verirlər. Çox sayda olmalarını istəyirik. İstəyərdim ki, azarkeşlər stadionu doldursun. Mən elə bilirəm ki, 10 milyon azarkeşlər bizimlədi. Kimi işdə, kimi evdə, kimi stadionda, bizə dəstək olur, arxamızdadılar. Komandamızın arxasında böyük güc hiss edirik. Hər biri istəyir ki, yaxşı nəticə qazanaq.
– Heyətlə bağlı problem var?
– Qara Qarayevlə bağlıdı. Məşqdən sonra ağrılar hiss edib. Bu gün də fərqi qaydada məşq edəcək. Hazır olub-olmayacağı sabah günorta saatlarında bilinəcək.