26 Dekabr 2024
Kateqoriyasız

“Sumqayıt”dan öncə Xorvatiya və Polşa klublarından təklif almışdım”

“Məşqlər çox yaxşı gedir. Əsasən fiziki hazırlıq keçirik. Ağır olsa da, öhdəsindən gəlirik. İki yoxlama oyunu keçirmişik. Məncə, hər şey qaydasındadır. Əsas odur ki, zədə yoxdur. Əlimizdən gələni edib keçən ildən daha yaxşı nəticə göstərməliyik”.

Bu sözləri İdmanxeber.az saytına “Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli deyib. O, daha sonra belə davam edib:

“Burada özümü yad hesab etmirəm. Öz ölkəmiz olsa da, yeni komanda, təzə oyunçular var. Adaptasiya ilə bağlı problemim yoxdur. Bütün məqsədim uğurlu çıxış edib, öz oyunumu göstərməkdir. Qışda milli komandaya qayıtmaq istəyirəm. Təbii ki, xaricdə çıxış etmək, yenidən legioner həyatı yaşamaq niyyətindəyəm. “Sumqayıt” gəlməmişdən öncə Xorvatiya və Polşa klublarından təklif var idi. Ancaq orada məvacib oyun başı olduğu üçün düz gəlmədi. Türkiyədən də bir neçə klubla danışıqlarım oldu. Təəssüf ki, alınmadı. İndi buradayam, əlimdən gələni edib, özümü daha güclü yerlərdə sınayacam”.

27 yaşlı futbolçu “Sumqayıt”ın qarşıdakı hədəflərindən də danışıb. İsgəndərli komandanın hər zaman yüksək pillələr üçün mübarizə aparmalı olduğunu vurğulayıb:

“Düzünü desəm, bizə konkret olaraq bəlli bir hədəf qoyulmayıb. Ancaq bu gün çempionatdakı “Neftçi” və “Qarabağ” xaric bütün komandaların əsas hədəfi avrokuboklar üçün mübarizə aparaqmaqdır.  Əlbəttə, hamı ölkəni Avropada təmsil etmək istəyər. Mən Tərlan Əhmdovun vaxtında “Keşlə”də oynayanda bizim o qədər geniş heyətimiz və maddi durumumuz yox idi. Ancaq buna rəğmən, avrokuboklara vəsiqə qazana bilmişdik. Deməli, əgər istəsək, hamı birlikdə çalışsa, nəyəsə nail ola bilərik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43