“Şamaxı”ın futbolçusu Əli Səmədovun idmanxeber.az saytına müsahibəsi
-Son turda “Kəpəz”lə heç-heçə etdiniz. Necə oyun keçdi?
– Oyun yaxşı alındı, heç-heçəyə baxmayaraq biz daha üstün oynadıq. Meydana qələbə üçün çıxmışdıq və 3 xal üçün döyüşdük. Lakin əfsuslar olsun ki, qalib gələ bilmədik.
-Niyə qalib gələ bilmədiniz?
– Düşünürəm ki, epizodları dəyərləndirə bilmədiyimiz üçün istədiyimiz nəticəni əldə edə bilmədik. Ən azından son epizodda qol vursaydıq, qələbə bizim idi.
-Artıq neçənci görüşdür ki, oyuna ehtiyyatdan başlayırsan. Səbəb nədir?
– Bəli, 3-cü oyundur ki, matça ehtiyyatda başlayıram. Məşqçilərin qərarıdır və buna hörmətlə yanaşıram. Komandada kim daha yaxşı hazır olursa, o da meydanda olur. Bizim öhdəmizə düşən məşqlərdə və meydanda olduğumuz vaxt çalışmaq, sona qədər mübarizə aparmaqdır.
-Əli düşünmürsən ki, bu tip xal itirmələr sonda sizi birinci diviziona apara bilər?
– Doğrudur. Biz hər oyun qalib gəlməyə çalışırıq. Sadəcə, belə alındı. Bəlkə də indi qazandığımız bir xal bizi elitada saxlayacaq.
-Necə düşünürsən, Premyer Liqanı kim tərk edəcək?
– Düşünürəm ki, bu, “Şamaxı” və ya “Səbail” olacaq. Son oyunumuzun “Bayıl Arena”da keçiriləcəyini xatırlasaq, hər matçın bizim üçün nə qədər önəmli olduğunu anlayarıq. Məhz bu səbəbdən bütün görüşlərə final kimi çıxırıq. Çalışırıq ki, şansımızı son oyuna saxlamayaq. Sonda sevinən tərəfin biz olacağını düşünürəm.
-Azarkeşlər Premyer Liqada qalmağınızı tələb edir…
-Əvvəla onlara təşəkkür edirəm. Doğma meydanda bu mövsüm üçün son oyunlarımızı keçiririk və ona görə tribuna daha da çox olmalarını istəyirik. Onların bizə dəstəkləri əvəzolunmazdır. Hazırda hamımızın məqsədi Premyer Liqada qalmaqdır. Başqa heç bir şey barədə düşünmürük.
-Artıq mövsümün sonu yaxınlaşır. Digər klublardan təkliflər var?
– Xeyr, heç bir təklif yoxdur. Böyük ehtimal mövsüm bitmədiyi üçündür. Çempionat bitdikdən sonra necə olacağına baxacağıq və ona uyğun qərar verəcəyik.
Xəyal Hüseynov