“Neftçi” Peşəkar Futbol Klubu ilə İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. “Bakcell Arena” stadionunun konfrans zalında baş tutan imzalanma mərasimində tərəflər 2 illik müqavilə bağlayıblar. Müqaviləyə “Neftçi”nin prezidenti Kamran Quliyev və “Errea”nın ixrac üzrə meneceri Karlo Stronati imza atıblar.
İdmanxeber.az-ın məlumatına görə, imzalanma mərasiminin ardından “ağ-qaralar”ın prezidenti Kamran Quliyev tərəfdaşlıq barədə fikirlərini bildirib:
“Keçən ilin dekabr ayından bu işlə məşğul olmağa başlamışıq. Bizim Marketinq İctimaiyyətlə Əlaqələr Departamentinə bununla bağlı müxtəlif şirkətlərdən təkliflər gəlib. O cümlədən də “Errea” şirkəti tərəfindən. İnanırıq ki, bizim üçün uğurlu bir texniki sponsorluq olacaq.
Mən 11 ildir futbolun içindəyəm. İlk dəfədir ki, klub futbol tarixində əsas komandanın geyinəcəyi formalar aşağa yaş qrupları ilə eyni geyim olacaq. Avropanın böyük klublarında əsas komandanın forması 7 yaşlı uşağın əynində olur.
Bu formalar xüsusi olaraq bizim üçün hazırlanmış olacaq. Yalnız oyunda istifadə edilən geyimlər yox, məşq forması və bütün fəsillər üçün idman geyimləri də şirkət tərəfindən hazırlanacaq. Üstəlik bunların 70 faizi eksklüzivdir. Sırf “Neftçi” üçün işlənəcək. Kataloqlardan seçilməyəcək, birbaşa bizim rənglərimizə, ənənələrimizə uyğun mallar olacaq.
Bizim üçün çox önəmlidir ki, texnki partnyor yox, texniki sponsor tapdıq. Müqaviləyə görə, malların 45 faizi bizə pulsuz – şirkət tərəfindən sponsor kimi verilir. Məncə, bu da bir ilkdir. Hesab edirəm ki, bu, böyük nailliyətdir və inkişafdır. “Neftçi” həmişə ilklər klubu olub. Bu səbəbdən də bütün “Errea” şirkətinə və rəhbərliyinə təşəkkür etmək istəyirəm”.


