03 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin “uMUTU” ola biləcək?

Adrian Mutu ilə arzulanan “Neftçi”nin qayıdıb-qayıtmayacağı bir müddədir gündəmin əsas müzakirə mövzusudur. Rumıniyalı mütəxəssisin baş məşqçi kimi ciddi bir nailliyətinin olmaması haqlı olaraq müəyyən narahatlıq yaradır. Əlbəttə, sırf bu amillə onun heç bir nəticə əldə edə bilməyəcəyini iddia etmək doğru deyil. Ancaq bu təcrübəsizliklə “Neftçi”ni yenidən zirvəyə daşıyacağı da hələlik qulağa xoş gəlmir.

Bütün məsələlərdə olduğu kimi bu mövzüda da ən yaxşı cavabı zaman özü verəcək. Ancaq etiraf edək ki, Mutu hazırda böyük karyera nailiyyətində olan gənc bir mütəxəssisin çiyinlərinə ağır gələ biləcək bir yükün altındadı. Çünki, “Neftçi” artıq uğursuzluğa dözümü olmayan, klub daxilindəki qeyri-müəyyənliklə və təngə gələn azarkeşlərin aqressiyasını üzərində hiss edəcək bir dönəmə qədəm qoyub. Özü də hələ gəlişi ilə böyük müzakirə mövzusu olan Mutunun ayaqlarıyla. Bəs görəsən, rumıniyalı bütün bu qaranlıq məqamlara işıq ola biləcəkmi? Çünki hazırda işlərin düzəlməsi yalnız meydandakı nəticə ilə bağlıdır. Bu, kifayət qədər çətin olsa da, qətiyyən mümkünsüz deyil. 

Gənc mütəxəssislərin ən böyük üstün cəhətləri müasir futbola yaxşı bələd olmalarıdı. Çünki modern futbol yalnız yaxşı qapıçı, müdafiəçi və hücumçu ilə oynanmır. Mübarizə fərdlərin üstün tutulduğu dönəmi çoxdan geridə qoyub. Futbol artıq keyfiyyətli bir neçə oyunçunun gözə xoş gələn topla davranışdan çıxaraq, komanda şəklində nizam-intizama dayalı bir sistemə çevirilib. Mutunun “Neftçi”dəki ilk işi bu sistemi bərpa etməkdir. Əlbəttə, sehrbaz deyil və mütləq bəlli bir vaxt lazımdır. 

Mutulu “Neftçi” dünən “Fənərbağça” oyunu ilə meydandan hesab olaraq məğlub ayrıldı. Bir məşq və tək oyunla heç nəyə tam qiymət verə bilməyəcəyimizi nəzərə alaraq, müəyyən qığılcımların hiss olunduğunu da mütləq qeyd etməliyik. Açığı, dünənki mübarizə “Zenit” və “Srvena Zvezda” məğlubiyyətlərindən fərqləndi. “Neftçi” meydanda daha inamlı görünürdü. Düzdür, adətən yeni baş məşqçinin gəlişi futbolçularda xüsusi özünügöstərmə cəhdi yaradır. Ancaq istənilən halda müsbət məqamlar irəliki dönəm üçün yaxşı ümiddir və hazırda komandanın buna çox ehtiyacı var. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43