26 Noyabr 2024
Ölkə futbolu

“Sabah”ın qruplara qala biləcək gücü var”

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Latviyanın RFŞ komandasını səfərdə məğlub edib (2:0). Paytaxt təmsilçisi avrokuboklardakı ilk matçında sərəfli nəticə qazanaraq, Bakıda meydana daha rahat çıxacaq.

“Sabah”ın səfər qələbəsindəki performansını dəyərləndirməsi üçün “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli ilə saxladıq. Azərbaycanlı mütəxəssis idmanxeber.az saytına qalib gəlməyin önəmli olduğunu vurğulasa da, oyunda müəyyən çatışmazlıqların göründüyünü də bildirdi:

“Konfrans Liqasında klublarımızdan mübarizəyə ilk başlayan klub “Sabah” oldu. Komandanın avrokuboklardakı debütü pis alınmadı. Bu oyuna baxdıqda “Sabah”ın hazırlıq səviyyəsində bəzi axsamalar olduğu görsənirdi ki, bu da təbii haldır. Yeni mövsüm üçün təlim-məşq toplanışını başa vuran “Sabah”ın, çempionatı davam edən Latviya təmsilçisinə qalib gəlməsi əla nəticədir. Əminəm ki, komanda oyundan-oyuna daha da yaxşı nəticələr göstərəcək. İlk avrokubok mövsümlərində qrupa düşməklərini arzulayıram”.

Əsgərli paytaxt klubunun cavab qarşılaşması barədə də danışıb. O, Bakıda gözlənilməz nəticə olacağına inanmadığını bildirib:

 “Sabah”ın Bakıda rəqibinə sürpriz etməyə icazə verəcəyini düşünmürəm. İlk oyunlar daha çətin olur. İkinci görüşlərdə rəqibi məşqçilər daha yaxşı tanıyır və qarşısını almağa çıxış yolu axtarır. Razıyam ki, bəzi problemlər var idi. Amma bu da mövsümün ilk rəsmi oyunu olmasından qaynaqlanır”.

“Şamaxı”nın baş məşqçisi “Sabah”ın qruplara qala biləcək gücünün olub-olmaması sualına isə belə cavab verdi:

“Bəli, gücü var. Düşünürəm ki, bu mümkündür”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43