“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr “Omoniya”sına 2:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis heyətlərinin geniş olmadığını söyləyib:
“Bizi ağır matç gözlədiyini bilirdik. Rəqib təcrübəli komandadır. Cavab görüşündə daha yaxşısını etməyə çalışacağıq. Bu rəqibə qarşı oynamaq olar. Ruhdan düşmürük. Bu qədər azarkeşin tribunalarda yer alması sevindiricidir. Çempionat qarşılaşmasında da belə olmasını istəyirik”.
Baxşıyev oyun keyfiyyətini bəyəndiyini bildirib: “Bu matçı analiz edib qarşıdakı görüşə hazırlaşacağıq. Qapıçını dəyişmək fikrimiz yoxdur. Ona inanırıq. Roman Bezusun da keyfiyyətli futbolçu olduğunu bilirdik”.
Baş məşqçi qapılarına təyin olunan penalti ilə bağlı da danışıb: “Bizim çempionatda belə epizodlara 11 metrlik cərimə zərbəsi vermirlər. Bunun üzərində çox qalmaq istəmirəm. Futbolçulara inanıram. Kiprdə layiqli mübarizə aparacağımıza ümid edirəm”.