22 İyun 2026
Ölkə futbolu

“Şahruddin Azərbaycanda güclü qapıçılar siyahısındadı”

“Rakuv” “Qarabağ”ın dişinə görə rəqibdir. Səfərdə gərgin keçən görüşdə təmsilçimiz məğlub olsa da, evdə qalib gələcəyimizi düşünürəm. “Qarabağ” onlardan daha səviyyəli komandaları məğlub edib. Bu səbəbdən də “köhlən atlar”ın mərhələni keçəcəyini düşünürəm”.

Bu sözləri idmanxeber.az saytına millimizin sabiq qapıçısı Fərhad Vəliyev Ağdam təmsilçisinin Polşa çempionuna qaşrı şanslarını dəyərləndirərkən deyib. O, son günlərdə yenidən müzakirə mövzusu olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin performansı barədə də danışıb:

“Qapıçı elə mövqedir ki, hər zaman müzakirə olunur. İstər mənfi, istər müsbət cəhətdən. Şahruddin birinci oyunda ciddi səhvlər etdi. Ancaq biz onu dəstəkləməliyik. Çünki o, Azərbaycanda güclü qapıçılar siyahısındadı. Həm “Qarabağ”ın, həm də yığmanın oyunçusudur. Səhvlərindən nəticə çıxarıb özünü yaxşı tərəfdən göstərməlidir. Ancaq dəstək olub, ona inanmalıyıq”.

Vaxtı ilə Ağdam təmsilçisində də çıxış edən Vəliyev komandanın bir neçə futbolçu ilə güclənəcəyini düşünür:

“Avqustun sonuna qədər transfer üçün vaxt var. Qurban Qurbanov hansı mövqelərə oyunçu lazım olduğunu daha yaxşı bilir. Son qərarı da özü verəcək. Ancaq ümumi götürsək, komandanın hər mövqedə kifayət qədər güclü futbolçuları var. Lazım olsa, yeni transferlər də olacaq. “Qarabağ” futbolçu alanda həmişə komandanın oyununa uyğun seçim edir. Ola bilsin ki, indi də axtarışdadırlar. Tələsmirlər. Çalışıb komandaya uyğun ən güclü oyunçunu transfer edəcəklər. 

Ramil Şeydayevlə Musa Qurbanlı heyətin önəmli üzvləri idi. Hər ikisi də ötən mövsüm kifayət qədər qol vurmuşdular. Sevindirici haldır ki, ikisi də ölkə xaricinə yollandı. Ola bilsin ki, onların yeri hələ tam dolmayıb. Bu səbəbdən də heyətin daha da güclənməsi üçün transfer olacaq. Xüsusi ilə də hücum xəttinə”. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43