“Qarabağ” növbəti mövsümün hazırlıqları üçün Avstriyaya yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun heyətində yeni adlar var. “Köhlən atlar”da yeni transferlərdən hazırda dünya çempionatında olan bosniyalı qapıçı Martin Zlomisliç, Jarem Qnali, Bruno Lanqa, Zakaria Savo və Jali Muaddiblə yanaşı, gənc futbolçular da heyətdə yer alıb.
Baş məşqçi Qurban Qurbanov qapıçı Bilal Hacıyev, Məhəmməd İmaməliyev, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli və Məhəmməd-Şahin Abbasovu da əsas komanda ilə toplanışa aparıb. Əvəzedici heyətdən A komandaya yüksələn futbolçular təcrübəli mütəxəssisin etimadını qazanmağı bacarıb.
Bu futbolçuların arasında Fransanın “Strasburq” akademiyasında baxışda olan Əli Bəşirovun da adı var.
Xatırladaq ki, Azərbaycan təmsilçisi iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

