“Qarabağ” üçün kifayət qədər gərgin oyundur. Öz meydanımızda, azarkeşlərin önündə komandanın yaxşı mübarizə aparacağını düşünürəm. Qurban Qurbanov da ilk oyuna baxdı, kimə qarşı çıxış edəcəyini artıq yaxşı bilir. Təbii ki, buna uyğun hazırlıq görülüb, analiz aparılıb. “Qarabağ”dan sabah yaxşı oyun gözləyirik. Bilirik ki, bu komanda avrokuboklarda çox başqa çıxış edir. Bu il də Çempionlar Liqasının qruplarına düşmələrini istəyirik. Ancaq rəqib çətindi, oyun da asan keçməyəcək”.
Bu sözləri idmanxeber.az saytına Ağdam təmsilçisinin sabiq üzvü Əfran İsmayılov “Qarabağ” – “Rakuv” görüşündə təmsilçisimizin şanslarını dəyərləndirərkən deyib. O, “köhlən atlar”ın güclənməli olduğunu da sözlərinə əlavə edib:
“Heyətdə axsamalar var, bunlar görünür. Hər hansı bir oyunçu zədələnən kimi yerini doldurmaq olmur. Hücum xəttində, yarımmüdafiədə, müdafiədə problemlər var. Qurban Qurbanov bunları hamıdan daha yaxşı bilir. Bu mövqelərə oyunçu şərtdir. Düzdür, komandaya uyğun futbolçu tapmaq çətin işdir. Ancaq irəli getmək üçün bunları etməlisən, heyəti gücləndirməlisən. Açıq şəkildə hücumda və müdafiədə çatışmazlıqlar görünür. Bunun mütləq aradan qaldırılması lazımdır. Qarşıda “Rakuv”dan daha çətin rəqiblər gözləyir. Hədəf qurplara qalmaqdırsa, heyəti gücləndirmək lazımdır”.
İsmayılov son günlərdə müzakirə mövzusu olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin performansına da toxunub. O, komandanın yeni qapıçıya ehtiyacı olub-olmaması sualına belə cavab verib:
“Mənə görə Şahruddin bir nömrədir. Səhvlər olsa da, bu, dəyişilməzdir. Yeni qapıçı lazım olub-olmaması mənim verəcəyim qərar deyil. Bunun üçün baş məşqçi var. Ancaq Şahruddin mənə görə, ölkədə bir nömrəli qapıçıdır”.
Həsən Quluzadə

