Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı” klubunda oyunçuların pullarını ala bilməməsindən xəbərdarsınız.
Əmək haqqları verilməyən oyunçular iddia edir ki, komandada qalan futbolçular maaşlarını alsalar da, ayrıldıqları üçün onların pulları köçürülmür. Üstəlik ötən mövsümdən iki qələbə mükafatının da verilmədiyi bildirilir.
Məsələ ilə bağlı bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yusif Hüseynlə əlaqə saxladıq. O, idmanxeber.az saytına iddialarla bağlı belə cavab verdi:
“Bəli, bir neçə oyunçunun maaşları və vəd edilən “premya”ları ödənilməyib. Ancaq sırf klubdan getdikləri üçün oyunçuların əmək haqqlarının gecikdirildiyi iddiası doğru deyil. Məsələn, bizim əvəzedici heyətimiz tamamən yeniləndi. Ötən mövsümkü oyunçular hərəsi bir kluba getdi. Ancaq komandadan getmələrinə baxmayaraq, heç birinə borcumuz yoxdur. Hamısı ödənilib. Borcumuz olduğu oyunçulara dəfərlərlə demişik ki, pullarınızı alacaqsınız. Ödənişlər olacaq. Çalışdığımız qədər ən qısa vaxtda borcları bağlayacağıq”.
Həsən Quluzadə