20 İyun 2026
Ölkə futbolu

Quluzadə istefasından danışdı: “Futbolda hər zaman oyun önəmli olmur”

“Nəticələrdə bir problem yox idi. Komanda yalnız çempionatın ilk oyununda məğlub olub. 5 qələbə, 5 heç-heçə ilə yola davam edirdik. Çempionata baxanda “Füzuli” ən yaxşı futbol oyunayan iki komandadan biridir”.

Bu sözləri İdmanxeber.az saytına “Füzuli”dən istefa verən baş məşqçi Amit Quluzadə ayrılığı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Son oyunlardakı ardıcıl heç–heçələrə görə ayrılmaq istədim. Əslində xal itirdiyimiz komandaların hamısı liderlər qrupunda yer alır. Ancaq istədiyimi ala bilmədiyim üçün bu qərarı verdim. Futbolda hər zaman oyun önəmli olmur. Əsas nəticədir. Ola bilsin ki, məndən sonra gələn komandanı daha yüksək yerlərə apara bilər.

İlk məşqçilik təcrübəmdə çox şey gördüm. Məşqçiliklə futbolçuluq arasında böyük fərq var. “Füzuli” mənim üçün doğma komandadır. Ümid edirəm ki, bundan sonra daha yaxşı çıxış edərlər”.

Azərbaycan II Liqasında çıxış edən “Füzuli” komandası 20 xalla 6-cı pillədə qərarlaşıb.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43