“Hazırlıqda ən vacib şey komandanı daha yaxşı formalaşdırmaq və mövsümün ilk yarısında baş verənləri detallı dəyərləndirməkdir. Keçirdiyimiz yoxlama matçlarında nəticə önəmli deyil. Çünki burada hər oyundan nəsə öyrənirsən, səhvləri görürsən. Əsas olan komandanın gücünü sınadıq. Çempionata yüksək səviyyədə hazırlıq keçdik. Mövsümün ikinci yarısında tam hazır olmalıyıq”.
Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un legioneri Roderik Miller komandanın Antalya toplanışını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:
“Heyətə yeni oyunçular cəlb edilir. Onların komandaya uyğunlaşması üçün köməklik etməliyik. İndiyə qədər heyətdə olan futbolçular klubun məqsədlərini yaxşı başa düşürdülər. Əminəm ki, yeni gələnlər də bunun fərqində olacaq. Çünki mövsümün ikinci yarısı asan keçməyəcək. Hər oyuna final kimi baxmalıyıq”.
Miller transfer dönəmində hər hansı bir təklif alıb-almamasını belə cavablandırıb:
“Hələlik heç bir təklifim yoxdur. Klubla müqaviləm davam edir və bu il böyük nailiyyətlər əldə edəcəyimə ümid edirəm. Daha sonra çempionatın sonunda təkliflər məsələsinə baxa bilərik”.
Ötən mövsümdən bölgə klubunun şərəfini qoruyan panamalı futbolçu Premyer Liqamızın səviyyəsini və Azərbaycan futbolu barədə ümumi fikirlərini bildirib:
“Azərbaycan çempionatı inkişaf etməkdədir. Burada başqa ölkələrin böyük klubları ilə yarışan komandalar var. Böyüməyə davam etmək yaxşıdır. Mənfi tərəfi isə çempionatdakı süni meydançalardır. Ümid edirəm ki, tezliklə bu problem aradan qaldırılacaq”.
Həsən Quluzadə