27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da yarım qalan arzularımı gerçəkləşdirmək istəyirəm”

Xəzər Lənkəran” barədəki paylaşımları görəndə ilk öncə ciddi fikir vermədim. Çünki hər il buna bənzər xəbərlər dərc olunur. Amma daha sonra sabiq mətbuat xidtəmizin rəhbəri Hüseyn Cəbrayıloğlunun və Mübarizə Mənsimovun paylaşımından sonra çox sevindim. Həm azarkeş, həm də o klubun yetirməsi kimi. Bu xəbərə yalnız “Xəzər Lənkəran” fanatları yox, bütün Azərbaycan futbol azarkeşləri sevinir. İllərdir biz bu xəbəri gözləyirdik. Burada əsas məqam stadionunun təmir edilməsidir. Çünki əsas vacib amil bu idi. Ümid edək ki, yaxın gələcəkdə komandanın da gəlişi olacaq”.

Bu sözləri İdmanxeber.az saytına “Xəzər Lənkəran” klubunun yetirməsi və sabiq futbolçusu İbrahim Qədirzadə deyib. O, daha sonra belə davam edib:

“Xəzər Lənkəran”dan ayrılandan sonra mənim üçün çətin dönəm başlamışdı. Komanda dağılanda gənc idim. Başqa kluba keçmək mənim üçün çox çətin idi. Əgər “Xəzər Lənkəran” qalsaydı, bəlkə daha yaxşı yerlərdə olardım. Amma klubun yenidən qayıtma ehtimalı məni çox sevindirir. Əgər mənə ehtiyac duyulsa, sevinə-sevinə gedərəm. “Xəzər Lənkəran”da yarım qalan arzularımı gerçəkləşdirmək istəyirəm.

Klubun qayıtması çempionatda ab-havanı da dəyişər. Çünki “Xəzər Lənkəran” dağılandan sonra tribunalar boş qaldı. Həmin o rəngli azarkeşləri artıq görə bilmədik. Amma ümid edirəm qayıdacaq. Mən də yenidən o klubun formasını geyinmək istəyirəm. Hətta aşağı məbləğli bir təklif gəlsə də, sevə-sevə qəbul edərəm”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43