Albaniyanın “Eqnatiya” klubuna transfer olunan Zamiq Əliyev İdmanxeber.az saytına müsahibə verib. Müdafiəçi yeni komandasına keçidindən və digər məsələlərdən danışıb.
– “Eqnatiya”ya transferin necə alındı? Bu klubla əlaqə necə quruldu?
Menecerim ölkə xaricindən bir neçə klubun mənimlə maraqlandığını dedi. Birlikdə oturub söhbət etdik və uyğun seçimi etdim. Düşünürəm ki, daha yaxşı olan bu idi. Əlimdən gələni edib yeni komandama faydalı olmaq istəyirəm.
– Albaniya klubu növbəti mövsüm ÇL-də oynayacaq. Davamlı forma şansı ala biləcəksən?
Bu komandaya oynamaq üçün gəlmişəm. Təbii ki, çətin olacağını bilirəm. Çempion komandaya transfer olunub heyətdə yer tutmaq asan deyil. Çox çalışmalıyam ki, forma şansı qazana bilim. Rəqabəti sevirəm və hər kəslə yarışmağa hazıram. Burada çox oyun şansı alacağımı düşünürəm.
– Vüsal İsgəndərli yəqin ki, sənə kömək edib. Fikir alış verişi etdiniz? Nələr dedi sənə?
Bəli, Vüsalla söhbət etdik. Mənə klub barəsində yalnız müsbət sözlər dedi. Çox detala girmək istəmirəm. Sizin vasitənizlə Vüsala bir daha təşəkkür edirəm.
– Ötən mövsüm çıxış etdiyin “Araz Naxçıvan”dan müqavilə yenilənmək təklifi gəldi? Ümumiyətlə, yerli klublardan təkliflərin var idi?
“Araz Naxçıvan”dan da, başqa klublardan da təkliflərim var idi. Hətta mənimlə maraqlanan xarici komandalar da oldu. Amma mən “Eqnatiya”nı seçdim. Mənə təklif göndərən, maraqlanan bütün klublara təşəkkür edirəm. Seçimimin doğru olduğunu düşünürəm.
– Ölkə xaricinə transfer olunmağın milliyə yolunu aça bilər?
Əgər burada əsas heyətə düşsəm, performansım yaxşı olsa, milliyə yolum açılacaq. Məncə, hər şey özümdən asılıdı. Yığmada oynamaq bütün azərbaycanlı futbolçuların xəyalıdı. Əsəs hədəflərimdən biri də millidə çıxış etməkdi.
Həsən Quluzadə