“Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə il azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Səbail” məğlubiyyəti (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:
Bilirdik ki, “Səbail” bizə qarşı aqressiv olacaq, xal qazanmaq istəyirlər. Səfərdə oynayırdıq. Adil Nağıyev həftə içi zədəli idi, məcburiyyətdən onu oynadıq. Oyun olacaq ki, tam istədiyimiz kimi alınacaq, oyun da olacaq ki, alınmayacaq. Amma bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı”.