23 Yanvar 2025
Ölkə futbolu

“Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm” – Elvin Camalov

“Əlbəttə, “Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir. Təbii ki, çox həyəcanlıdır. İnşallah, çox ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı olacağam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Elvin Camalov deyib. O, daha sonra belə davam edib:

“Ümid edir və inanıram ki, “Neftçi” daha da yuxarılarda olacaq və bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Hər bir futbolçunun arzusu olduğu kimi, mən də buna nail olduğum üçün sevincliyəm. Burada olmaq böyük bir sevinc olduğu kimi, böyük bir məsuliyyət də tələb edir. Çünki burada azarkeşlərin istəyi, gözləntisi daim yuxarılardır. Mən də buradan azarkeşlərimizə söyləmək istəyirəm ki, dəstəklərini əsirgəməsinlər. İnanıram ki, azarkeşlərimiz də “Neftçi”ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, “Neftçi” camiəsinin əsas və sevilən bir futbolçusu olaraq mənə də dəstəklərini davam etdirəcəklər. Çünki “Neftçi” camiədir və burada uğura nail olacağıqsa, birlikdə nail olacağıq.

Hədəfimiz çempionatda oyundan-oyuna 3 xalı qazanıb, turnir cədvəlində daha yuxarıya qalxmaq və avrokuboklara vəsiqə üçün daha yaxın yol olan kubokda qalib olmaqdır.

Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43