AFFA balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlərİ açıqladı.
Qurum ötən il ümumilikdə 10 məkan üçün 2 445 433,00 azn vəsait xərcləyib.
Siyahıda ilk pilləni isə Mərdəkanda yerləşən köhnə adı “Dalğa Arena”, indiki adı isə “Liv Bona Dea Arena” olan stadion tutur. Bu arenanın saxlanılması üçün 2024-cü ildə 1 009 231,00 azn pul xərclənib. Əlavə olaraq qeyd edək ki, “Zirə” avrokuboklarda oynadığı 4 görüşün hamısını bu stadionda keçirib və bunun üçün də qarşı tərəfə müəyyən məbləğdə vəsait də ödəyib. Həmin məbləğin isə AFFA-nın gəlirləri siyahısında yer alıb-almadığını tam dəqiq demək olmur.
Bir milyon manatdan çox xərclənən pul fonunda stadionun əsas problemi – tablo məsələsi öz həllini tapmadı. “Zirə” qeyd etdiyimiz kimi avrokuboklarda bu stadiondan 4 matçda istifadə etdi. Lakin tablo məsələsini “qartallar” şəxsi vəsaiti hesabına yoluna qoya bildi. Hər matçda öncə 2 günlük tablo icarəyə götürüldü ki, bunun üçün də həmin şirkətə 2 min manata yaxın pul ödənildi.
Maraqlıdı, AFFA rəhbərliyi milli komandaların daha çox yararlandığı Mərdəkandakı bu arenanın tablo problemini niyə həll edə bilmədi? Həmin xərclənən 1 milyon manat vəsaitdən 10 min manatını əsas problemə yönəltmək və bunu birdəfəlik həll etmək olmazdımı?
İdmanxeber.az

