“İlk oyunda “Araz Naxçıvan” “Qarabağ”a qalib gəlsə də, hələ heç nə bitməyib. Bu cütün favoriti hələ də “Qarabağ”dır. Naxçıvan klubu cari mövsüm çempionatda və kubokda çox yaxşı çıxış edir. Ancaq hər şeyə rəğmən, “köhlən atlar”ı üstün görürəm. “Araz Naxçıvan”ın isə az da olsa, finala çıxmaq şansları var”.
Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq futbolçusu Rahid Əmirquliyev Azərbaycan Kubokunun yatımfinal mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Qarabağ” – “Araz Naxçıvan” görüşü barədə danışarkən deyib.
O, daha sonra günün digər matçı olan “Sabah” – “Neftçi” oyunu haqda da danışıb:
“İlk oyun çox maraqlı oldu. “Sabah” həmin görüşdə qalib gəlmişdi. Kubok oyunları iki komanda üçün də önəmlidir. “Neftçi” də, “Sabah” da avrokuboklara getmək üçün ölkə kubokunu qazanmaq istəyir. Ona görə bütün güclərini qoyacaqlar. Məncə, turu keçən “Sabah” olacaq. Təbii ki, “Neftçi”nin də şansları var. Hər şey ola bilər. Amma üstünlük “Sabah”dadır. Düşünürəm ki, finalda “Qarabağ”al “Sabah” üz-üzə gələcək”.

