“Ani nəticə üçün tələsik addımlar atmaqdansa, tədricən inkişaf yolunu seçirik. Gəncə azarkeşləri çox tələbkardır, onları tam anlayırıq. Bu gün ilk öncə klub kimi inkişaf etmək, daha da böyümək istəyirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in İdarə Heyətinə yeni sədr seçilən Namiq Qədirov müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib:
“Təbii ki, əsas komandanın nəticələri böyük önəm kəsb edir. Gələcək mövsüm üçün daha rəqabətli bir kollektiv formalaşdırılacaq. Eyni zamanda, cari mövsüm “Kəpəz”in Premyer Liqada qalmasında rolu olan bir çox futbolçu ilə davam edəcəyik. Avrokuboklardan danışmaq tezdir. Dəqiq deyə bilərəm ki, əvvəlki mövsümlürdə olduğu kimi, “Kəpəz” Premyer Liqada qalmağı hədəf kimi qarşısına qoymayacaq. Komandanın qarşısında qoyulan konkret vəzifə cari mövsüm başa çatandan sonra açıqlanacaq”.
Klub rəhbəri hazırkı baş məşqçi Azər Bağırovun postunda qalıb-qalmayacağı barədə suala belə cavab verib:
“Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik. Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik. Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”. (Report.az)

