23 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu yeni futbolçu ilə anlaşdı, komandasından ayrıldı, transfer baş tutmadı 

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Karvan” klubu yeni futbolçu ilə  anlaşsa da, transfer baş tutmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Mingəçevir”də çıxış edən Qurban Səfərovla razılıq əldə edib. Tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər.

Ancaq son anda məlum olub ki, “Karvan”da yeni oyunçu üçün sifariş limiti dolub.

Belə ki, PFL əsasnaməsinə görə, Premyer Liqa klubları mövsüm ərzində 30 futbolçu sifariş edə bilər. Hansısa oyunçu komandadan ayrılsa da, onun yeri boşalmır. 

Yevlax klubu bu rəqəmə çatdığı üçün Səfərovun transferi baş tutmayıb. Bu durum U-21 millimizin üzvünü çətin vəziyyətə salıb.

Çünki “Mingəçevir”dən “Karvan” üçün ayrılan yarımmüdafiəçi hazırda klubsuzdur.

Onun yenidən I Liqada çıxış edəcəyi gözlənilir. Bu çempionatda çıxış edən bir neçə komanda futbolçunun xidmətində maraqlıdır.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43