AFFA dövlətdən ayrılan məbləği klubların hesabına köçürməyib.
İdmanxeber.az-a verilən məlumata görə, I və II Liqa təmsilçilərinin bəziləri avqust ayı üçün nəzərdə tutalan vəsaiti hələ də ala bilməyib. Mövcud vəziyyət klublarda maaş gecikmələrinə səbəb olub.
Federasiyanın ayrılan məbləği hələ də komandaların hesabına köçürməməsinin səbəbi klubların lazımi sənədləri tam təqdim etməmələridir. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:
“Avqust ayının pulları köçürülüb. Yalnız aşağı liqalarda çıxış edən 2-3 klub qalıb, bu da onların sənədləşmə işlərinin tam qaydasında olmaması ilə bağlıdır. Yəni bizdən qaynaqlanan məsələ deyil. Amma belə avqust ayı üçün nəzərdə tutulan vəsait hər 3 liqda ödənilib. Sentyabr ayı da yaxın vaxtlarda veriləcək”.
Xatırladaq ki, dövlət AFFA-nın vasitəsi ilə Premyer Liqa təmsilçisilərinə bir mövsüm üçün 3 milyon, I liqa klublarına 300 min, II liqa iştirakçılarına isə 50 min manat pul ayırıb. Həmin vəsait hər ay hissə-hissə klubların hesablarına köçürülməlidir.

