Ölkə futbolu

Bizim “tapınakçılar”

Artıq bir müddətdir futbol ictimaiyyətinin əsas gündəmi növbəti mövsüm Premyer Liqada neçə komanda olacağı və bu il sonuncu yeri tutan “Şamaxı”nın elitanı tərk edib-etməyəcəyidir. Əslində illərdir hər mövsüm sonu davam edən bu məsələ bir addım belə qabağa gedə bilmədiyimizi necə də gözəl, ətraflı şəkildə ortaya qoyur.

Ölkə futbolu barədə verilən bütün suallara AFFA İcraiyyə Komitəsinin iclası işarə edilir. Sözügedən iclasın zamanı isə hələ də dəqiq deyil və bu barədə heç bir rəsmi açıqlama yoxdur. Elə buna görə də hamı “brainstorming”lə məşğuldur. Artıq gələn mövsümlə bağlı fəlsəfi yanaşmalar, fantastik ssenarilər, qorxulu fikirlər müzakirə edilir. Artıq İK-nin iclası sıradan bir toplantı kimi yox, böyük məsələlərin müzakirə olacağı G8 sammiti havasını yaradıb.

Vaxtı dəhşətli dərəcədə gizli saxlanılan bu iclas bizə məşhur serial “Kurtlar Vadisi”nin “tapınakçıları”nı xatırladır. Bir neçə üzü bağlı adam, əllərində alovlarla dünyanın xəritəsini dəyişəcək qərarlar verirlər. Onlar belə bizi bu qədər intizarda saxlamamışdı. 

Əslində isə Premyer Liqaya gəlməli olan komanda artıq bu istiqamətdə ciddi işlər görməli, hədəflərini bəlirləməli və heyətinin əsas hissəsini təşkil etməli idi. Ancaq bütün bunlar hazırda “tapınak şovalyeleri” üçün ikinci plandadır. 

AFFA-nın illərdir bu cür qeyri-müəyyənliklə, plansızlıqla ölkə futbolunu hara gətirib çıxardığı ortada olduğu üçün bu məsələdən çox da danışmağa dəyməz. Bir müddət əvvəl “Araz Naxçıvan” və “Zaqalata” klublarına lisenziya verib daha sonra “bu, onların Premyer Liqada olacağı demək deyil” açıqlaması ilə könülləri fəth edərək “gizliliyə, macəraya davam” mesajını verən federasiya rəhbərliyinin qeyri-müəyyənliyi haqlı olaraq bir çox sualları açıq qoyur.

Təbii ki, istənilən halda bu sualların cavabı bilinəcək. Ya gec, ya da tez…

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43