Müsahibə Ölkə futbolu

“Bu məqam bizə psixoloji təsir etdi” – “Qəbələ”nin futbolçusu

“Nəticə ürəyimizcə olmasa da, mübarizə apardıq, döyüşdük. Qolları ani diqqətsizlikdən buraxdıq. İlkinin zədələnməsi bizə psixoloji təsir etdi”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin futbolçusu Rövlan Muradov deyib. O, “Fehervar”a qarşı belə nəticənin olmasını komandanın ani diqqətsizliyinə bağlayıb:

“İlk hissə çox əla keçmişdi. Kifayət qədər qol imkanlarımız olsa da, yalnız birindən faydalana bildik. Futbolda qolu səhvlərdən vururlar. Bizdə də belə oldu. Əks hücumda yaxalandıq və qol buraxdıq. Sonra da İlknin o vəziyyətdə meydanı tərk etməsi bizi çox məyus etdi, oyunumuzda düşüş baş verdi. Nəticədə qapımızda ard-arda qollar gördük. Rəqibdə keyfiyyətli, usta oyunçular var ki, səhvləri bağışlamırlar”.

24 yaşlı futbolçu “Fehervar”a qarşı Qəbələdə baş tutacaq cavab görüşündən də danışıb: “Turu keçə bilməsək, buna uğursuzluq deməzdim. Çünki rəqib kifayyət qədər güclü komandadır. Ancaq cavab görüşündə azarkeşlərimiz stadionu doldursalar yaxşı olar. Futbolun gözəlliyi dolu tribunalardır. Oyuna çox yaxşı hazırlanmalıyıq. Əgər ilk 20 dəqiqəyə iki qol vura bilsək, bizim üçün dönüş ola bilər. Şans həmişə var”.

Muradov növbəti mövsüm komandanın Premyer Liqadakı hədəflərindən də söz açıb. O, çempionatda yenə iddialı olacaqlarını bildirib: “Mövsümə yaxşı hazırlanıb yenidən avrokuboklara vəsiqə qazanmalıyıq. Rəqiblərimiz kimi biz də güclənmişik. Heyətə təcrübəli oyunçular qoşulub. Onların performansının komandaya uğur gətirəcəyinə inanıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43