Kateqoriyasız

“Futbolçu olmağıma baxmayın, biz də əsgərik”

“Məşqlərimiz öz axarı ilə davam edir. Hazırlığımız yaxşı gedir, üzərimizə düşəni edib, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib. O, Topaz Premyer Liqasının XXIX turunda komandasının qarşılaşacağı “Qarabağ”la oyun öncəsi kapazpfc.az saytına açıqlama verib:

“Ötən turdakı məğlubiyyət bizim üçün gözlənilməz oldu. AZAL yenilgisini yaxşı nəticə ilə unutdurmaq istəyirik. Bütün hazırlığımız buna hesablanıb”.
“Kəpəz” klubu tərəfindən son günlər cəbhədə baş vermiş hadisələr səbəbindən şəhid olan hərbçilərimizin əziz xatirəsi anılıb, komandanın heyətində olan xarici futbolçulara vəziyyətlə bağlı dolğun xəbərlər verilib. Nərimanov da yaşananlara münasibət bildirib: “Təbii ki, düşmən tərəfinin addımlarını pisləyirik. Bir tərəfdən igid oğullarımızın şəhid olmasına üzülürüksə, digər tərəfdən onların qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etməsi bizi sevindirir. Əsgərlərimizin sayəsində futbol oynayırıq, onların döyüşdəki qələbələri bizi daha da ruhlandırıb. Mən özüm hərbi xidmətdə olmuşam, futbolçu olmağıma baxmayın, biz də əsgərik. Hər zaman döyüşməyə hazırıq. Vəziyyətlə bağlı legioner olan komanda yoldaşlarımıza da xəbərlər vermişik. Qoy onlar Azərbaycan həqiqətlərini bilsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43