Ölkə futbolu

“Legionerlərdən istifadə edən bəzi komandaların oyunu bizdən çox da fərqlənmir”

“Şamaxı”nın baş məqşçisi Vüqar Əsgərlinin idmanxeber.az saytına müsahibəsi

-Sonuncu sıradasınız. Qarşıda iki tur var. Sizdə və komandada ab-hava necədi?

Çempionat başlayandan cədvəlin aşağı pillələrində müntəzəm yerimizi dəyişirik. Hamı hal hazırdakı vəziyyətimizi dərk edir və Premyer Liqada yerimizi qorumaq üçün lazım olan ab-hava kifayət qədər yaxşıdır.

-Ümumiyyətlə, mövsümü necə dəyərləndirirsiniz? Komandanızın gücü hansı səviyyədədir? 

Mövsüm bizim üçün bilinən səbəblərdən daima təzyiq altında keçdi. Bu da inkişaf üçün yaxşı mühitdir. Komandamızın gücünün zəif olduğunu düşünmürəm. Cədvəldə 6 sırada qərarlaşan komandalardan cəmi iki məğlubiyyət çox almışıq. Bizim problemimiz oyunlarda qələbə qazana bilməməyimiz və qol imkanlarından istifadə edə bilməməkdir. Diqqət etsəniz, oyunların çoxunda heç-heçə nəticəsi olub. Məğlubiyyətlərimiz belə kiçik hesab fərqi ilə başa gəlib. Bu nəticələr artıq imkan verir ki, komandamız haqqında xoş sözlər deyək. Düşünürəm ki, “Şamaxı” gənc, dinamik və döyüşkən olaraq özünü göstərə bilib.

-Bu mövqedə olduğunuz üçün əsas günahkar kimdi?

Bu mövqeyə görə günahkar axtarmağa dəyməz. Biz hələ də komanda şəklində və bu şərtlərlə heç kimin tanımadığı uşaqlarla Premyer Liqada qalmaq iddiamızı saxlamışıq.

-Azərbaycanlı futbolçularla mübariza aparmağın çətin olduğunu qəbul edirsiniz?

Klubun şərtlərinə uyğun futbolçu seçimləri olur. Amma demək olmaz ki, yalnız yerlilərlə mübarizə aparmaq olmaz. Azərbaycanda kifayət qədər keyfiyyətli yerli futbolçular var. Premyer Liqada ligionerlərdən istifadə edən komandaların bəziləri oyun baxımından bizdən çox da fərqlənirmirlər.

-Azarkeşləriniz ara-sıra rəqiblərdə legionerlər olduğu üçün yarışın ədalətsiz olduğunu deyirlər. Siz nə düşünürsünüz? 

Azarkeşlərin öz komandaları üçün xeyirli olanı düşünməkləri təbii haldır. Amma idman prinsipləri də önəmlidir. Futbolun gözəlliyi də ondadır ki, komandaların hamısı eyni deyil.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43