“Sabah” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Çelye” klubuna məğlub olub – 2:3. Görüşün ardından rəqib komandanın baş məşqçisi Albert Riera qarşılaşma barədə açıqlama verərkən maraqlı bir fikir ortaya atıb. İspaniyalı komandaların meydandankı forma seçimləri ilə bağlı narazılıq edib. O bildirib ki, hər iki komanda tünd rəngli forma ilə çıxış edib və bu futbolçularda çaşqınlıq yaradıb. A. Riera buna görə matçın qazaxıstanlı hakimlərini günahlandırıb. Hətta mütəxəssis Qazaxıstanla Azərbaycan arasında olan dostluq əlaqələrini də xüsusi vurğulayaraq, qəribə bir atmaca atıb.
İspaniyalı çalışdırıcı yaxşı karyeraya malik futbolçulardan olub. O, “Liverpul” və “Qalatasaray” kimi klublarda forma geyinib. Bu gün də yetərincə təcrübəyə malik bir baş məşqçidir. Bu cür görüşlərdə forma seçiminin ev sahibində olduğunu bilməlidir. Yəni ki, əgər meydanda bir komanda formanı dəyişməlidirsə, bunu rəqib kollektiv etməlidir. Meydan sahibləri yox.
İspaniyalı mütəxəssis daha sonra hakimlərin onların narıncı idman geyimi ilə oynamağa icaza vermədiyini də sözlərinə əlavə edib. Bu da mütəxəssisin növbəti qeyri-peşəkar açıqlamasıdır.
Çünki referilər özləri meydanda narıncı rəngli formada idilər. Hansısa komandanın eyni rəngli forma ilə mübarizə aparmasına necə izn versinlər? Yəni ispaniyalı oyun ərzində bunun fərqinə varmayıb?
Ən gülməlisi isə Qazaxıstanla Azərbaycanın yaxşı əlaqədə olmasının hakimlərə təsir etdiyini qabartmaqdır. Bu isə artıq birmənalı şəkildə həvəskar səviyyəli düşüncədir. Əgər hakimlər iki dövlət arasındakı dostluqdan təsirlənsəydi, bu, nəticəyə də yansıyardı. Bu halda isə onun komandası Bakıdan qələbə ilə dönə bilməzdi.
İdmanxeber.az

