Ölkə futbolu

Nicat Qurbanov:”Cavab oyununa ciddi hazırlaşırıq” – Müsahibə

"Kəpəz"in yarımmüdafiəçisi Nicat Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi bir sıra sualları cavablandırıb.

– "Daçiya" ilə Bakıdakı oyundan sonra yorğunluq hiss etdiniz?

– Ağır oyun oldu. Amma matçdan sonra tam bərpa olmağımız üçün kifayət qədər vaxtımız oldu. Şükür ki, hər şey qaydasındadır. Cavab oyununa ciddi hazırlaşırıq.

– "Kəpəz" Moldovada da Bakıdakı kimi oynayacaq?

– Moldovadakı oyun bir qədər çətin olacaq. "Daçiya" evdə yaxşı oynayır. Bizim isə hədəfimiz səfərdə qol vurmaqdır. Fikrimcə, Şahin Diniyev artıq səfərdə necə oynayacağımızı özü üçün müəyyənləşdirib.

– Komandanızın növbəti mərhələyə vəsiqə qazanması kimdən və nədən asılıdır?

– Hər şey komandamızın öz əlindədir. Kim daha çox arzulayırsa, kim az səhv edəcəksə, o da mərhələ adlayacaq. Hər şey özümüzdən asılıdır. Çox motivasiyalıyıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk.

– "Kəpəz"in Bakıda qələbə qazana bilməməsinə nə səbəb oldu?

– Mən bunu bəxtsizliklə əlaqələndirərdim. Komandamız 3-4 qol vəziyyəti yaradıb, son nöqtəni qoya bilmirsə, deməli, bu, bəxtsizlkdir. Amma Moldovada şansımızı əldən verməməyə çalışacağıq.

– "Daçiya" favorit göstərilsə də, Bakıda yaxşı futbol sərgiləmədi…

– "Daçiya"nı zəif komanda kimi göstərmək düz deyil. İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdır. İlk oyunda biz qələbə qazanmağı çox istəyirdik. Ona görə də ola bilsin ki, rəqibin oyunu bizim yaxşı oyunun müqabilində zəif təsir bağışladı.

– Bakıdakı oyunda aqressvlik hiss olunurdu. Rəqib hətta "feyr-pley"ə də əməl etmirdi. Bu, rəqibin sizə qarşı hörmətsizliyi idi, yoxsa özündən razılığı?

– Futbolda aqressivlik normaldır. Bütün bunları sadəcə, oyun epizodu hesab edirəm. Həm də olanlar hamısı artıq geridə qalıb.

– Sizə elə gəlmir ki, Moldovada daha ciddi təzyiqlə üz-üzə qalacaqsınız?

– Onsuz da səfərdə oynamaq həmişə ağır olur. Amma biz heç nədən çəkinmirik. Futbolda heç nədən qorxmaq lazım deyil.

– Cavab oyununda da qol vurulmasa, əlavə vaxt və penalti seriyası ola bilər. Buna hazırsınız?

– Biz cütün taleyini 90 dəqiqədə həll etmək istəyirik. Amma 120 dəqiqə də oynamağa hazırıq.

– "Kəpəz" mərhələ adlasa, "Admira Vakker" – "Spartak Miyava" cütünün qalibi ilə mübarizə aparacaq…

– Biz hazırda tam olaraq "Daçiya" ilə cavab matçına köklənmişik. Moldovalıları keçək, sonra növbəti rəqib barədə düşünərik.

Azerisport


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43