Ölkə futbolu

“Sponsorluq müqaviləsi bir ay tez olsaydı, heyəti gücləndirmək olardı”

“Yeni sponsorluq anlaşmasından sonra da biz eyni qaydada işimizi davam etdiririk. Heyətimizdə ciddi bir dəyişiklik gözlənilmir. Açığı, komandamızda bir-iki futbolçunun Premyer Liqa səviyyəsində olduğunu demək olar. Hazırda istəsək də, güclü futbolçular transfer etmək çətindir. Çünki əksəriyyətinin klubları ilə müqaviləsi var. Sponsor gələndən sonra bizə transfer barədə nəsə deyilməyib”.

Bu sözləri İdmanxeber.az saytına “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov komandanın yeni sponsor tapılmasının ardından heyətdə dəyişiklik olub-olmayacağı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Sponsorluq müqaviləsi bir ay tez olsaydı, heyəti gücləndirmək olardı. Amma hazırda yaxşı futbolçu tapmaq çətindir. Dekabrda belə imkanımız olsaydı, Premyer Liqada çıxış edən klublardan bəzi oyunçuları icarəyə götürə bilərdik. İndi isə mümkün deyil. Ən yaxşı halda azad agent statuslu legioner futbolçu gətirmək olar. O da maksimum 3 nəfər. Bununla da heyətdə ciddi dəyişiklik etmək olmur. Amma biz sponsor oldu-olmadı yaxşı nəticə və Premyer Liqa üçün mübarizə aparırıq”.

Xatırladaq ki, Azərbaycan I Liqa təmsilçisi “Zaqatala” ilə “Music Gallery” arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43