“Oyunun mahiyyətini dərk edirdik. Çox istəyərdik ki, qələbə qazanaq. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik. Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm. Qələbə qazana bilərdik. Amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir. Çalışacağıq ki, qələbələr əldə edək”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov “Sabah” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam”.

