26 Dekabr 2024
Kateqoriyasız

AFFA limiti pozan klublara xəbərdarlıq etdi

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi məlumat yayıb. Açıqlamada bunlar qeyd olunub:

“AFFA-nın İcraiyyə Komitəsinin 06.03.2015-ci il tarixdə keçirilmiş iclasında gənc yerli  futbolçuların maaş limiti ilə bağlı  aşağıda göstərilən qərar qəbul olunub:
 
2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:

Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası.
 
2014/2015-ci il Topaz Premyer Liqası 28.05.2015-ci il tarixdə keçiriləcək XXXVI turun oyunları ilə başa çatacaq və növbəti Premyer Liqa oyunları avqust ayından start götürəcək. Yeni mövsüm üçün transfer pəncərəsi 09.06.2015 – 31.08.2015-ci il tarixləri müəyyən olunub. Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı tətbiq olunmalıdır. İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələrə şamil olunur (01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçular). Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43