28 Noyabr 2024
Kateqoriyasız

“Heç nədən qorxmuruq” – “Araz Naxçıvan”nın baş məşqçisi

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun 55 illik yubileyi münasibətilə təşkil olunan “1 uşaq – 1 top” futbol festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

– Gənc məşqçisiz. Klubda hədəflər böyükdür. Özünüzü bu çağırışa hazır sayırsız?
– Naxçıvan çox maraqlıdır. Bu maraqlı layihənin iştirakçısı kimi məni görmək istədilər. Tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşəndən sonra tam fərlqi düşüncədə olduqlarını hiss etdim. Münasibətlərimizdə tam səmimiyyətin olması xoş oldu. Naxçıvanda görülən işlər göz qabağındadır. Bu gün I Divizondayıqsa, orada özümüzü Premyer Liqadakı kimi göstərməliyik. Qaydalardan da üstün olmalıyıq ki, elitaya namizədliyimizi qəbul etsinlər. Fikirləşdiyimiz işlər çoxdur. Əlavə stadionlarımız tikiləcək. Bununla bağlı rəhbərlik sözünü deyib. Tezliklə bu işlərə başlanacaq. Hər bir şeyi düşünürük. Uzaq bir yola çıxmışıq. Çalışacağıq axsamayaq, irəliləyək.

– Kütləviliyi keyfiyyətə çevirmək mümkün olacaq?
– 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün regionları öz düyüşkənliyi ilə seçildi. Naxçıvan da onların içindədir. Burada fərdi döyüş növləri üzrə nəticələr çox yüksək səviyyədədir. Məşqçinin istədiyi döyüşkənlikdir. Naxçıvanda bu var. Onu çərçivəyə salıb futbola laızm olan keyfiyyətləri üzə çıxaracağıq. Burada yetəri qədər 13-14 yaşlı futbolçular var. İnanıram ki, onlardan bir neçəsini yaxın vaxtlarda öz komandamızda, millilərdə görəcəyik. Döyüşkəndilər, çərçivəyə salıb, bişirib yetişdirmək lazımdır. Ümumi planlarımız var. Türkiyədə 20 günlük təlim-məşq toplanışımız olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edəcəyik.

– Rəhbərlik qarşınıza konkret hansı məqsədi qoyub? Bunun üçün hansı addımları atacaqsız? Legioner gətirəcəksiz?
– İlk görüşdən qaydaları qoyduq. Rəhbərlik elə təkliflər irəli sürdü ki, heç vaxt belə qaydalarla qarşılaşmamışam. Heç bir halda çempionluq hədəfi yoxdur, məqsəd gələcəyin komandasını qurmaqdır. Bu, məşqçi üçün də çağırışdır. Çünki gələcəyin komandasını qurmaq üçün də nəticə verməlisən. Mən həmişə nəticə vermək istəmişəm. Çalışacağıq, ən yaxşı nədirsə, onun uğrunda mübarizə aparaq. Premyer Liqaya çıxarıqsa, ilk “4-lüy”ə düşməyimiz indiki halda bir az da qeyri-peşəkarlıq ola bilər. Çünki oradan birdən düşə bilərik. Amma biz hər gün bir addım irəli getmək istəyirik. Çalışacağıq ki, yaxın vaxtlarda milli komandanın üzvlərindən də istifadə edək. Azarkeşlərimizi, rəhbərliyi qələbələrlə sevindirmək istəyirik.

– I Divizionda komandanızı 15 səfər gözləyir. Bu, yorucu olmayacaq?
– Böyük komandalar 2-3 saatlıq uçuşları belə eyni gündə edirlər. Bakıda komandamızın yerləşdiyi otel var, avtobusumuz da alınacaq. Yol məsələlərini fikirləşmişik. Bütün xərcləri nəzərə alanda digər klublar üçün də elə böyük fərq yaratmır. Heç nədən qorxmuruq. Düşündüyümüz hər gün inkişaf etməkdir. Naxçıvan elə regiondadır ki, yaxın ölkələrin – İran, Türkiyənin klubları ilə əməkdaşlıq edə bilərik. Futbolçunun inkişafı üçün səfərlər önəmlidir. Artıq təyyarəyə minəndə futbolçu artırır. Bizi daha yaxşı şeylərin gözlədiyini düşünürəm.

– Sırf naxçıvanlı futoblçuların işə yanaşması necədir?
– 9 il Naxçıvanda futbolun olmaması böyük zərbələr vurub. İntizam tərəfdən, texniki tərəfdən axsaqlıqlar var idi. Region Liqasının sonuna yaxın yanaşma xeyli fərqli idi və məni sevindirirdi. Onlarda daha yuxarı qalxmaq üçün potensial olub-olmayacağını zaman göstərəcək. İnanıram ki, yaxın vaxtlarda Naxçıvanda uşaqlar üzə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43