Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, bununla da yunan-Roma güləşçilərinin qitə birinciliyinə yekun vurulacaq.
60 kq çəkidə Azərbaycanı təmsil edən Elmir Əliyev yarışa 1/4 finaldan qoşulacaq. O, türkiyəli Mert İlbarsı sınağa çəkəcək.
67 kq və 72 kq çəkilərdə yer alan Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq Mixail Portmann (İsveçrə) və Luka Malobabiçlə (Xorvatiya) üz-üzə gələcəklər.
Millinin digər iki pəhləvanı 1/8 finalda ilk duelinə çıxacaq. İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu ilə, Murad Əhmədiyev (97 kq) isə serbiyalı Luka Katiçlə münasibətlərinə aydınlıq gətirəcəklər.
Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli bu gün həlledici görüş üçün döşək üzərinə çıxacaq. O, finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.
Qeyd edək ki, martın 13-də Azərbaycan yığmasının üç yunan-Roma güləşçisi mübarizəni erkən dayandırıb.