24 İyun 2026
Ölkə futbolu

Əhmədov: “Neftçi”də məşqçi işi görünür”

“Neftçi” “Jelezniçar”a qarşı oyuna çox yaxşı başladı. Topa sahib olmada, rəqibə hücum etməkdə üstünlük qazanmaq istəyirdi. İrəlidə mərkəz hücumçusunun olmamağı açıq-aşkar göründü. Bu vəzifəni isə Filip Ozobiç yerinə yetirmək istəyirdi. Yenə də imkanlar oldu. Komanda çox sadə epizoddan – cinah asmasından qol buraxdı. Buna baxmayaraq, toparlanıb hesabı bərabərləşdirdilər”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məqşçi Elşad Əhmədov UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən “Jelezniçar” – “Neftçi” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Görünən o idi ki, yeni oyunçuların əsas heyətdə olması bəzi problemlər yaradırdı. Məşqçini başa düşürəm, təzə transferlərə şans vermək istəyir. Mutu üçün bəlli bir vaxt lazımdı. Mərkəz müdafiəçilər mütləq bir-birinə uyğunlaşmalıdı. Komanda hücumçu almalıdır. Cinah müdafiəçisi Ervin Koffi az oynadığı üçün onun barədə nəsə demək hələ tezdir. Sağ müdafiədə də problem görünür. Premyer Liqada güclü komanda düzəltmək üçün “Neftçi”yə 2-3 futbolçu lazımdı. Bunlara baxmayaraq, oyunda məşqçi işi görünür. Komandanın səfərdə sona qədər mübarizə aparıb, qol vurması sevindiricidi. Toparlanıb Bakıda “Jelezniçar”ı keçmək olar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43