16 Yanvar 2025
Ölkə futbolu

Əfrandan AFFA-nın cəzasına reaksiya: “Belə şeylər hələ çox olacaq”

“Verilən cəzadan xəbərim var. Artıq açıqlanıb. Hörmətlə yanaşıram. Ancaq niyə belə bir qərar verildiyini başa düşə bilmədim. Oyundan sonra uşaqlara şərait yaratdım ki, futbolçularla şəkil çəkdirsinlər. Bu da qaydalara zidd imiş. Rəsmi şəxslər də iradlarını bildirdi. Heç kimə qarşı hörmətsizlik etməmişəm. Olan şeylərdi. Təcrübə belə qazanılır. Belə şeylər hələ çox olacaq. Futbolçuluq ayrıdı, məşqçilik ayrı. Biz də yavaş-yavaş öyrənəcəyik. Açığı, bu qaydadan xəbərim yoxdur. Yenə də qeyri-adi nəsə baş verməyib”.

Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan”ın məşqçisi Əfran İsmayılov AFFA İntizam Komitəsinin ona verdiyi cəzaya münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Sadəcə, orda qeyd edilib ki, rəsmi şəxslərin tələblərinə əməl etmədiyi üçün klub cərimələnib. Yəni bunu bilərəkdən etməmişəm. İlk dəfə üçün bağışlamaq olardı, ancaq etmədilər. Mən elə bildim ki, oyun bitəndən sonra uşaqlar meydana girə bilər. Amm belə deyilmiş. Çalışarıq bundan sonra qaydaları daha dərindən öyrənək ki, bu cür problemlər olmasın”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Əfran İsmayılovu “Sumqayıt”la görüşün ardından rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 1-i şərti olmaqla 2 oyunluq cəza verib. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43