28 Oktyabr 2024
Ölkə futbolu

Bitdimi?

“Ludoqorets” qələbəsi “Dinamo” qarşısında Marko Veşoviç və Marko Yankoviç kimi oyunçuların yoxluğunu kölgədə qoymuşdu. Halbuki, sırf bu iki oyunçuya görə mərhələni keçə bilməmək ehtimalı çox ciddi idi. “Qarabağ”ın son illərdəki möhtəşəm futbolunun ən aparıcı üzvlərinin yoxluğu ciddi çatışmazlıq idi.

Müasir futbolda yüksək səviyyəli komandalarda belə, əsas heyətin bir aparıcı oyunçusu olmayanda komanda axsayır. O ki qaldı ikisi birdən olmaya.

Zaqrebdə “Qarabağ” öz tərzini davam etdirməyə çalışdı. Görünür, “Dinamo” “Ludoqorets”in təmsilçimizə qarşı oyunlarını yaxşı təhlil edib. Onlar kimi meydanı daraldıb, zonaları sıxlaşdırmağa üstünlük verirdi. Bunu tam bacardıqlarını demək olmur.

Çünki “Qarabağ” bir Çempionar Liqası səfər matçı üçün xeyli imkan əldə etdi. Yarım epizodların belə qola çevrilməsi gərəkən bu oyunlarda bu qədər səxavətli olunmamalıdır. Xüsusən də Andradenin ilk hissədəki baş zərbəsi və Juninyonin qapıçı ilə üzbə-üz çıxdığı epizod.

Oyun nəzarəti bəlkə də rəqibin də taktikasına uyğun olaraq bizdə idi. İkinci hissə “Dinamo”nun varlıq göstərə bilməməsi sanki bizi yanıltdı. Cavab qarşılaşmasına məğlub çıxmamaq əvəzinə daha təmkinli davranmaq bəlkə də düzgün seçim olardı. Ancaq “Qarabağ” sistemi işləyəndə əyləcə basmaq çətin olur. Medinanı hələ görüşün ortalarında tək başına mərkəzdə görəndə komandanın ağlında məğlubiyyətin “m”sinin belə olmadığı aydın oldu.

Bu oyunu nə cür analiz etsək də, bütün nişanələr qaçan epizodlara gəlir. Bunu ilk hissədən hiss edib, oyunu dəyişmək də ola bilərdi. Məsələn, ikinci hissədə rəqibin ev sahibliyi ab-havasıyla ikinci qol üçün gəlməsinə səbr etmək bəlkə də daha doğru idi. Bir anda “Dinamo”nu öz silahı ilə – əks-hücumla üstələyə bilərdik. Bunları həmin an hesablamaq, meydanda tətbiq etmək asan deyil. Ancaq bu cür matçlarda həmişə yaxşı oynamaq bəs etmir. Hiyləgərlik, cavab görüşünü unutmamaq və ən əsası şansın da səninlə olması vacibdir. 

Sadəcə, oyunun axarı hər an qol vura biləcəyimizə ümid verirdi. Amma qarşıda çox təcrübəli və bəzən də bir-iki ötürmə ilə qola gedəcək komanda var.

Hesab çox ağır oldu. Ən azı bir qol belə Bakıda kiçik bir ümid yaradardı. Təəssüf ki, alınmadı.

Alınmadığı bitdiyi anlamına gəlmir. Dünən “Dinamo” üçün necə hər şey qaydasında gedirdisə, bir həftə sonra da bizim üçün eyni ola bilər. Gözləyək…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43